Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin Tədqiqatlar üzrə Müavinəti İslam İnqilabının Ali Məqamlı Rəhbərinə ünvanladığı dəstək və itaət bəyanatında bildirib ki, Ali Məqamlı Rəhbərin elmi elita, alimlər və beynəlxalq arenalarda fəxri medallara layiq görülmüş şəxslərə ünvanladığı hərtərəfli, müdrik və strateji mesaj, eləcə də həzrət Zəhranın (s.ə) müqəddəs məqamına etdiyi təvəssülün mənəviyyatı ilə, milli qüdrət məsələsinə sivilizasiya baxışını özündə ehtiva edən mühüm bir müraciət kimi ölkənin elmi qurumlarında, xüsusilə də elmi hövzələrdə yeni ruh yüksəkliyi və əlavə motivasiya yaradıb.
Daha ətraflı:
Bağışlayan və mehriban Allahın adı ilə
«يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ» Allah sizdən iman gətirənlərin və elm bəxş edilmiş kəslərin dərəcələrini yüksəldər. (Mücadilə surəsi, 11-ci ayə)
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu qorusun):
Allahın salamı sizin üzərinizə olsun.
Ali Məqamlı Rəhbərin elmi elita, alimlər və beynəlxalq arenalarda fəxri medallara layiq görülmüş şəxslərə ünvanladığı hərtərəfli, müdrik və strateji mesaj, eləcə də həzrət Zəhranın (s.ə) müqəddəs məqamına etdiyi təvəssülün mənəviyyatı ilə dolu, milli qüdrət məsələsinə sivilizasiya baxışını özündə ehtiva edən mühüm bir müraciət kimi ölkənin elmi qurumlarında, xüsusilə də elmi hövzələrdə əlavə ruh yüksəkliyi yaratdı.
Həzrət Ayətullah Seyid Müctəba Xameneinin elmi rəqabətin və sivilizasiyalararası gərgin mübarizənin hökm sürdüyü müasir dövrdə “العِلْمُ سُلطان” — “Elm qüdrətdir” strateji şüarı çərçivəsində “dərin və sürətli elmi sıçrayışın” həyata keçirilməsinin zəruriliyi barədə dərin məzmunlu və tarixi çağırışı, əslində, İslam dünyasının qlobal elmi nüfuzunun yenidən müəyyənləşdirilməsi və Qərbin intellektual və texnoloji inhisarçılığı ilə mübarizədə mövcud bilik sərhədlərini aşaraq fundamental yeni üfüqlərin açılması missiyasının manifestidir.
Elmi Hövzələrin Tədqiqatlar üzrə Müavinliyi elmi cihad şəhidlərinin pak ruhları və elmin inkişafı hərəkatının, eləcə də “qabaqcıl və nümunəvi hövzə” konsepsiyasının əsasını qoymuş müdrik rəhbər, şəhid Ayətullah Seyid Əli Xameneinin Xameneinin (Allah ona rəhmət eləsin) ruhu qarşısında ehtiramını bildirərək, tədqiqatçıların, müəllimlərin, müctəhidlərin və hövzə ziyalılarının bütün elmi heyəti adından Sizin maarifləndirici mesajınızı strateji əmr və hər bir kəs üçün vacib olan dini vəzifə hesab edir. Bu müavinlik bütün imkanlarını səfərbər edərək elmi hövzələrin tədqiqatçı və mütəfəkkirlərinin məqsədyönlü, nizam-intizamlı və sivilizasiya quruculuğuna xidmət edən dəstəyini və çağırışınıza müsbət cavabını ali hüzurunuza bəyan edir.
Bu müavinlik ictihadın mötəbər əsaslarına istinad edərək, humanitar və fundamental elmlərin inkişafı ilə bağlı Sizin verdiyiniz göstərişlər əsasında özünün yeni tədbirlər və vəzifələr sistemini İslam İnqilabının İkinci Addım Bəyannaməsi və “qabaqcıl və nümunəvi hövzə”nin missiyaları ilə sıx əlaqələndirərək aşağıdakı beş əsas istiqamət üzrə formalaşdırır və onların icrasına sadiqliyini bəyan edir:
1\. İslam hikməti əsasında nəzəri sərhədlərin aşılması və sistemquruculuğu
Humanitar və İslam elmləri yeni İslam sivilizasiyasının intellektual təməli və güclü İranın onurğa sütunudur. Elmi-tədqiqat institutları, yeni araşdırmalar aparan fəqihlər, İslam hikməti və kəlamı sahəsinin nümayəndələri elmi hövzələrdə cəvahir metodologiyasına və dinamik ictihada əsaslanaraq fundamental elmlərin inkişafı ilə paralel şəkildə mövcud vəziyyətin aşılmasını sürətləndirməyi, nəzəri sərhədlərin aşılmasına diqqət yetirməklə humanitar elmlərin idraki əsaslarını vəhyə söykənən rasional düşüncə üzərində qurmağı öhdələrinə götürürlər.
Elmi hövzələrin tədqiqatçıları sivilizasiya sahəsində meydana çıxan yeni məsələlərə cavab vermək məqsədilə nəzəriyyəçiliyi elmin ümumi müzakirələri səviyyəsindən praktik sistemquruculuğu mərhələsinə çatdırmağı özlərinin qəti vəzifəsi hesab edirlər.
2\. Yeni ictimai sistemlərin və müasir idarəçilik modellərinin hazırlanması
Müasir dünyanın mürəkkəb məsələləri ilə qarşılaşma nəticəsində yaranan çağırışlar iqtisadiyyat, hüquq, məhkəmə sistemi, tərbiyə, ailə və cəmiyyətin idarə olunması sahələrində sistemli yanaşmanın formalaşdırılmasını zəruri edir. Elmi Hövzələrin Tədqiqatlar üzrə Müavinliyi elmlərin təsnifat ağacını və elmi-tədqiqat qruplarını yenidən təşkil etməklə fəaliyyətinin əsas prioritetini müasir idarəçilik sistemləri üçün fiqhi və maarifləndirici planlar paketinin hazırlanmasına yönəltməyə çalışacaq. Həmçinin özünü İslam dövlətinin siyasət müəyyənləşdirən qurumlarının intellektual tərəfdaşı və problemlərin həllində dəstəkçisi hesab edərək, hövzə elitasının kollektiv intellektual potensialının strateji qərarların qəbulunda, qanunvericilik və struktur sahələrindəki çətinliklərin aradan qaldırılmasında birbaşa iştirakını təmin edəcək imkanlar yaradacaq.
3\. Koqnitiv elmlər, media və süni intellekt sahəsində öncüllük
İnsanların düşüncə dünyasına hərtərəfli hücumların həyata keçirildiyi, qavrayış və texnologiya müharibələrinin hökm sürdüyü müasir dövrdə cəmiyyətin düşüncə, etiqad və inanc sərhədlərinin qorunması yeni yaranan elmi sahələrə cəsarətlə daxil olmağı tələb edir. Elmi hövzələr süni intellektin, müasir texnologiyaların və koqnitiv elmlərin şüur fəlsəfəsi, epistemologiya və bioetika ilə sıx bağlılığını dərindən dərk edərək, fundamental və müqayisəli tədqiqatlar silsiləsinin əsasını qoyacaqlar. Bununla da, elita nümayəndələrinin düşüncələrini ələ keçirməyə və milli kimliklərini aşındırmağa yönəlmiş xarici qüvvələrin strategiyalarını zərərsizləşdirməklə yanaşı, gələcək sivilizasiya üçün bu qabaqcıl elmlərin milli-mənəvi dəyərlərə əsaslanan etik və hikmət prinsiplərini formalaşdıracaq və izah edəcəklər.
4\. Elita təbəqəsinin sosial kapitalının dirçəldilməsi və universitet ictimaiyyəti ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi
Sizin elita anlayışının əhatə dairəsinə geniş baxışınıza cavab olaraq və Allahın bəxş etdiyi bu nemətə əməli şükürün ifadəsi olaraq, Tədqiqatlar üzrə Müavinlik Elmi Hövzə ilə universitet arasında qırılmaz əlaqənin vacibliyini bir daha vurğulayır. Biz inanırıq ki, humanitar və ictimai elmlər, fundamental elmlər və digər elm sahələri arasında dərin inteqrasiya olmadan sürətli elmi yüksəlişə nail olmaq mümkün deyil. Hövzə tədqiqatları mühəndislik, eksperimental və humanitar elmlər sahələrində fəaliyyət göstərən elita nümayəndələrinin motivasiyasının artırılmasını, mömin kimliyinin möhkəmləndirilməsini, onların intellektual və psixoloji təhlükəsizliyinin təmin edilməsini öz vəzifəsi hesab edir. Həmçinin bu qiymətli potensialın qorunması və inkişaf etdirilməsi, eləcə də açıqlama və maarifləndirmə cihadı ilə paralel şəkildə hegemonluq cəbhəsinin süni ümidsizlik yaratmaq cəhdlərinə qarşı mübarizə aparılması istiqamətində əməli fəaliyyət planının hazırlanmasını da öz öhdəliyi hesab edir.
5\. İslam dünyasında elmi nüfuz mərkəzinə çevrilmək istiqamətində yüksəliş
Elmi hövzələr elmdə tarixi öncül mövqelərinin bərpasına və beynəlxalq bilik mübadiləsində şiə sivilizasiya ənənəsinin dirçəldilməsinə hazırdırlar. Dünya dillərində elmi mətnlərin, məqalələrin və tədqiqat əsərlərinin hazırlanması, İslam dünyasındakı fikir mərkəzləri və beynəlxalq elmi dairələrlə məqsədyönlü əməkdaşlığın qurulması vasitəsilə fars dilinin və İslamın saf maarifinin dünya miqyasında intellektual və elmi nüfuzun əsas dayaqlarından birinə çevrilməsi istiqamətində ölçülüb-biçilmiş addımlar atılacaq. Bununla da yeni İslam-İran sivilizasiyasının formalaşması və İnqilabın iki rəhbərinin ideallarının həyata keçirilməsi üçün zəmin yaradılacaq.
Hörmətli həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei!
Müqəddəs elmi hövzələrdə tədqiqat sahəsində fəaliyyət göstərən mücahidlər pak alimlərin və vilayət yolunda canlarından keçən fədailərin pak qanı ilə suvarılmış elmi əmanətin məsuliyyətini dəstəmaz və ilahi təqva ilə öz üzərlərinə götürürlər.
Onlar universitet elitası və bu diyarın qürurlu gəncləri ilə birgə, qüdrətli İranın ən yüksək hədəflərinə çatana və həmçinin həzrət İmam Zamanın (ə.f) zühurunun sübhü yetişənədək qələm və düşüncə cəbhəsində mübarizələrini möhkəm əzmlə davam etdirəcəklər.
«وَ قُلِ اعْمَلُوا فَسَیَرَی اللَّهُ عَمَلَکُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ»
De: Əməl edin! Allah, onun Rəsulu və möminlər sizin əməllərinizi görəcəklər. (Tövbə surəsi, 105-ci ayə)
Elmi Hövzələrin Tədqiqatlar üzrə Müavinliyi
Rəyiniz